Mariya Stadnik: “Merleninin hər hiyləsinə cavab verməyə hazır idim”
Ukraynanın paytaxtında keçirilən ənənəvi güləş turnirinin ilk günündə ən maraqlı və prinsipial final qarşılaşması qadınların 48 kq çəki dərəcəsinin finalında baş tutub. İdman.com.az saytının məlumatına görə, Azərbaycan yığmasının lideri Mariya Stadnik ilə olimpiya çempionu (Afina-2004) İrina Merleninin görüşü illər idi ki, gözlənilirdi. Onların bu vaxta qədər hələ heç bir rəsmi yarışda üz-üzə gəlməməsi, üstəlik, yanvarın sonlarında Merleninin Krasnoyarskada keçirilən qran-pri turnirində qalib gəlməsindən sonra, özünə əsas rəqibi kimi məhz yapon güləşçiləri gördüyünü söyləməsi, bu qarşılaşmaya əlavə rəng qatırdı.

Ukraynalı güləşçi finala gedən yolda Peikn olimpiadasının qalibi kanadalı Kerol Hyunu da məğlubiyyətə uğratmışdı. Yeri gəlmişkən, həmin qarşılaşmanın ilk saniyələrində Merleni əvvəlcə rəqibə qarşı boğucu fənd tətbiq etmiş, sonra isə saçını dartmışdı və buna görə haqlı olaraq cərimə xalı ilə cəzalandırılmışdı. Mariya Stadniklə qarşılaşmada da bunların baş verəcəyini gözləmək olardı.

Proqnozlar özünü doğrultdu – döşəyə çıxan zaman Mariya Stadnikə psixoloji təzyiq etmək üçün özünə arxayın şəkildə ora-bura gəzişən, müxtəlif səslər çıxaran Merleni start fitindən sonra ilk cəhddəcə Stadniki boğmağa başladı. Amma güləşçimiz görüşdən açıqlamasında da dediyi kimi, buna hazır idi – hər hissədə bir dəqiq hücum həyata keçirən Stadnik müdafiəni düzgün quraraq 1:0, 1:0 hesablı qələbə ilə turnirin qalibi oldu.

Görüşdən sonra titullu güləşçimiz AGF-in əməkdaşına bunları deyib: «Merleni ilə hələ heç vaxt rəsmi turnirlərdə üz-üzə gəlməmişdik. Buna görə də, hər saniyə, hər hərəkət, hər xal olduqca vacib idi. Təlim-məşq zamanı keçirdiyimiz yoxlama görüşündə də ona qalib gəlmişdim. Bu səbəbdən də bilirdim ki, o məni boğacaq. Amma buna hazır idim».

Xəbər 1215 dəfə oxundu.