Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları eyni gündə keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçiriləcək.

Turun bütün qarşılaşmaları eyni gündə oynanılacaq.

Günə mərkəzi görüşlə start veriləcək. Premyer Liqadakı ilk mövsümünü gümüş medalla başa vurmağa yaxın olan debütant “Zirə” bürünc medallar uğrunda mübarizə aparan “Qəbələ”ni qəbul edəcək. Adil Şükürovun komandası sona iki tur qalmış artıq gümüş medalları təmin edə bilər. Roman Qriqorçukun yetirmələri isə üçüncü olmaq üçün səfərdən mütləq 3 xalla dönməlidirlər.

“Qəbələ”nin “bürünc” uğrunda mübarizədəki əsas rəqibləri “Kəpəz” və “İnter”i nisbətən asan oyunlar gözləyir. “İnter” Bayıla “Rəvan” səfərinə yollanacaq. Üç oyunluq qələbə həsrətinə son qoymaq üçün əla şansa malik olan Zaur Svanadzenin yetirmələri tarixi boyu “Rəvan”a bir xal belə verməyib.

Ardıcıl üçüncü qələbəsini qazanmağa iddialı “Kəpəz” 3-cü pillədəki yerini möhkəmlətmək və “Zirə”yə yaxınlaşmaq üçün Lənkərandan itkisiz ayrılmalıdır. Artıq 21 turdur qələbə qazanmayan “Xəzər-Lənkəran” isə doğma azarkeşlər önündə uğursuz seriyasını qırmağı arzulayır.

Masazırda keçiriləcək “Neftçi”–AZAL oyunu da maraqla gözlənilən qarşılaşmalardan biridir. Hər iki kollektiv 6-cı pilləni tutaraq avrokuboklara vəsiqə qazanmağa iddialıdır.

Çempionluğu rəsmiləşdirən “Qarabağ” komandası “İnter Arena”da “Sumqayıt”la üz-üzə gələcək.

Xəbər 730 dəfə oxundu.