Ümummilli Liderin doğum gününə həsr olunan ənənəvi cüdo turniri keçirilib
Qaradağ rayonunun Sahil qəsəbəsindəki “Yeni sahil” idman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan cüdo üzrə açıq respublika birinciliyi keçirilib.

Turnirdə Azərbaycanın müxtəlif bölgələrindən komandalarla yanaşı, Türkiyə, Rusiya və Gürcüstandan da komandalar iştirak ediblər.

Turnirin açılışında çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bu turnirin ənənəvi olduğunu, cari ildən isə beynəlxalq yarışa çevrildiyini söyləyib. O, Qaradağda bədən tərbiyəsi və idmanın inkişafının rayon rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Bos Shelf” şirkətinin direktor müavini Nazim Hüseynov Ulu Öndərin Azərbaycan idmanı üçün gördüyü misilsiz işlərdən danışaraq bu yolun milli idmanımızın hamisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər. Qeyd olunub ki, keçirilən yarış və digər bu kimi turnirlər həm də Olimpiya Oyunları və dünya çempionatları üçün bir hazırlıq mərhələsidir. 12 çəki dərəcəsində keçirilən yarışın yekun nəticəsinə görə qaliblərə mükafatlar təqdim olunub.

Turnir bədii hissə ilə davam edib.

Xəbər 819 dəfə oxundu.