“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
- qüvvədə olan müvafiq qanunvericilik aktlarının “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
- həmin Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş bədən tərbiyəsi və idmanın inkişafına sponsorluğun əsasları və qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Olimpiya Oyunlarının mükafatçılarına və iki dəfədən artıq olimpiya növləri üzrə dünya və qitə çempionatlarının qaliblərinə həmin Qanunun 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş güzəştli pensiyaların müəyyən edilməsi qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsində və 25-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
2. Müəyyən edilsin ki:
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsində və 25-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsinin beşinci abzasında, 5-ci maddəsinin üçüncü hissəsində, 17-ci maddəsinin birinci, ikinci və dördüncü hissələrində və 20-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;
- həmin Qanunun 8-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Şirkəti həyata keçirirlər;
- həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi həyata keçirirlər;
- həmin Qanunun 15-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
- həmin Qanunun 15-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi həyata keçirirlər;
- həmin Qanunun 17-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
- həmin Qanunun 13-cü maddəsində, 14-cü maddəsinin ikinci hissəsində və 24-cü maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidentinə aşağıdakıların icrası barədə məlumat verməklə:
- bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramını üç ay müddətində təsdiq etsin;
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulduğu kimi, hərbi qulluqçuların və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlığının normativlərini bir ay müddətində təsdiq etsin.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birlikdə, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulduğu kimi uşaqların, şagird və tələbələrin illik fiziki hazırlıq testlərinin keçirilməsi üçün dövlət normativlərini bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirləri görsün.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 1998-ci il.

Xəbər 1144 dəfə oxundu.