Sumqayıtda şahmat turniri keçirilib
“Azərikimya” İstehsalat Birliyinin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan şahmat turniri keçirilib.

Sumqayıtda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına, əlaqələrin genişləndirilməsinə və səmimi münasibətlərin formalaşdırılmasına xidmət edən turnirdə “Azərikimya” İB-nin idarə aparatının da qatıldığı 50-dən artıq həvəskar şahmatçı gücünü sınayıb.

Turnirin açılış mərasimində çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar və qələbə sevinci arzulayıb.

FİDE-nin qaydalarına uyğun, İsveçrə sistemi ilə və təcrübəli şahmat hakimlərinin nəzarəti altında iki gün davam edən yarışlarda fəallıq və əzmkarlıq nümayiş etdirən şəhər rabitə qovşağı komandasının üzvü İlqar Şiriyev turnirin qalibi olub. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsi komandasının üzvü Rasim Eyvazov və Sumqayıt Dövlət Universiteti komandasının nümayəndəsi Sərxan Orxanlı müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Turnirin bağlanış mərasimində iştirak edən şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, dünya və Avropa birinciliklərinin qızıl mükafatçısı Zeynəb Məmmədyarova qalibləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.

Qaliblərə “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplomlar və pul mükafatı təqdim olunub.

Xəbər 672 dəfə oxundu.