Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısnın artırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimov son illərdə dövlətimizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etmiş və yüksək nəticələr əldə etmişlər.
Bu müddət ərzində Teymur Rəcəbov üçqat Avropa çempionu, dünya çempionatlarının bürünc, gümüş və qızıl mükafatçısı olmuşdur. Vüqar Həşimov Avropa çempionatlarında iki dəfə gümüş medala, dünya çempionatlarında gümüş mükafata və fəxri yerə layiq görülmüşdür. Hər iki şahmatçı artıq 1996-cı ildə FİDE ustaları olmuşlar.
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” 22 fevral 1998-ci il tarixli Sərəncamı bu iki gənc şahmatçı üçün hazırlanmış xüsusi proqramın - müasir kompüter və kompüter proqramı, şahmat ədəbiyyatı və məcmuələr almaq, dünya şöhrətli mütəxəssislərin açıq dərslərində iştirak etmək, beynəlxalq turnirlərə, Avropa və dünya çempionatlarına yüksək səviyyədə hazırlaşmaq üçün xarici dövlətlərdə təlim-məşq toplanışı keçirmək və sairənin tam şəkildə həyata keçirilməsini təmin etmişdir. Teymur Rəcəbov və Vüqar Həşimov Avropa, dünya çempionatlarında mühüm qələbələr qazanmış, beynəlxalq usta balı normalarını yerinə yetirərək şahmat üzrə dünyanın ən gənc beynəlxalq ustaları olmuşlar.
1998-ci ilin yekunlarına görə Beynəlxalq Şahmat Federasiyasının reytinq-siyahısında Teymur Rəcəbov və Vüqar Həşimovla yanaşı, gənc şahmatçılarımız Qədir Hüseynov və Rauf Məmmədov da öz yaş qruplarında lider mövqelərini əldə etmişlər.
FİDE ustası Qədir Hüseynov Avropa çempionatlarında qızıl, gümüş və bürünc medallara, dünya çempionatlarında isə bürünc medala layiq görülmüşdür. On yaşlı Rauf Məmmədov Avropa və dünya çempionatlarında stabil nəticə göstərərək mükafata layiq yerləri bölüşdürmüşdür. Məhz bu gənc şahmatçıların səyləri nəticəsində Azərbaycanın yığma komandası 1998-ci ilin noyabrında İspaniyada 85 ölkənin iştirakı ilə keçirilmiş dünya çempionatlarında dördüncü yeri tutmuşdur.
Azərbaycanın gənc şahmatçılarının 1998-ci ilin beynəlxalq yarışlarında əldə etdikləri yüksək nəticələri respublikada şahmatın inkişafı yolunda mühüm mərhələ sayaraq, onların öz ustalıqlarını daha da artırmasını və beynəlxalq yarışlarda iştirakını lazımi səviyyədə təmin etmək məqsədilə qərara alıram:
1. İstedadlı Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovun xüsusi hazırlıq proqramlarının 1999-cu ildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası dövlət büdcəsinin ehtiyat fondundan 160 (yüz altmış) milyon manat (hər şahmatçıya 40 milyon manat) məbləğində vəsait ayrılsın.
2. Gənclər və İdman Nazirliyinə və Təhsil Nazirliyinə tapşırılsın ki, Azərbaycan Şahmat Federasiyası ilə birlikdə respublikada uşaq şahmatının inkişafı üçün lazımi tədbirlər planı hazırlayıb həyata keçirsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 1998-ci il.

Xəbər 928 dəfə oxundu.