Azərbaycanda sindo-ryu və pençak-silat idmanına maraq sürətlə artmaqdadır
Bakıda sindo-ryu və pençak-silat üzrə X Azərbaycan birinciliyinin və çempionatının keçirilməsində əsas məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin təbliğinə, dahi rəhbərin Azərbaycan dövlətçiliyinin xilasında, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək verməkdir. Həmçinin son illərdə ölkəmizdə inkişaf etməkdə olan sindo-ryu və pençak-silatın kütləviləşdirilməsinə, idmanın bu növünə marağın daha da artırılmasına çalışmaqdır.

Bunu ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan sindo-ryu və pençak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatı ilə əlaqədar aprelin 28-də keçirilən mətbuat konfransında Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mütəllim Rəhimli deyib.

M.Rəhimli Federasiyanın qazandığı nailiyyətlərdən danışıb, görülən işlərlə bağlı məlumat verib.

Federasiyanın baş məşqçisi, VII dan qara kəmər sahibi Abbas Hümbətli qurumun 25 rayonda fəaliyyət göstərən məktəblərinin işindən danışıb. Bildirib ki, idmanın bu növü ilə məşğul olan atletlərimiz mütəmadi olaraq Avropa, Asiya və dünya çempionatlarında iştirak edirlər. İdmançılarımızın hesabında çoxlu sayda qızıl və gümüş medallar var.

İndoneziyanın Azərbaycanda yeni təyin olunan səfiri Hüsnan Bəy Fanani pençak-silatın qədim tarixə malik olduğunu vurğulayıb. Bildirib ki, bu idman növü özündə indoneziyalıların qədim ənənələrini yaşadır. İlkin olaraq, yalnız milli dəyər və ənənə kimi yanaşılan pençak-silat ən yaxşı döyüş idman növü kimi tədricən bütün dünyada yayılmağa başlayıb.

İndoneziyada pençak-silatın təkcə idman kimi deyil, incəsənət və yaşam tərzi olaraq da geniş yayıldığını qeyd edən diplomat bildirib ki, ölkəsində kiçik yaşda uşaqlara belə bu idman növü öyrədilir. Ölkəmizdə idmanın bu növü çox inkişaf edib. Demək olar ki, hamı bu idmanla məşğul olur.

Azərbaycan və İndoneziya arasında bir çox sahələrdə münasibətlərin mövcudluğundan danışan Hüsnan Bəy Fanani ölkəmizdə də sindo-ryu və pençak-silatın inkişaf etdirilməsinə çalışacağını deyib.

Federasiyanın prezidenti vəzifəsini icra edən Ceyhun Əşrəfov bildirib ki, əlbəyaxa döyüş növü olan, gənclərdə çeviklik, cəldlik, sarsılmaz güc, iradə, əzm və özünəinam yaradan pençak-silata respublikamızda kütləvi maraq formalaşmaqdadır. Bunu nəzərə alan Federasiya rəhbərliyi aprelin 30-dan mayın 1-dək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş X Azərbaycan birinciliyi və çempionatı keçirir. Tədbir Sərhədçi Olimpiya İdman Kompleksində təşkil olunacaq. Federasiya pençak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatı ilə yanaşı, azarkeşlərin marağını nəzərə alaraq “one silat” idman növü üzrə də beynəlxalq yarış keçirəcək. “One silat” bizə məlum olan qaydasız döyüşə çox yaxındır və ona Asiya ölkələrində böyük maraq var. Bu yarışda əsasən Azərbaycan və Özbəkistan idmançıları güclərini sınayacaqlar.

Qeyd olunub ki, qaliblər diplom və qiymətli hədiyyələrlə yanaşı, Asiya və Avropa çempionatlarında iştirak etmək hüququ da qazanacaqlar.

Xəbər 673 dəfə oxundu.