Ceyhun Cavadov: Rəvandan ehtiyatlanmağa dəyər
“Rəvan” turnir cədvəlində sonuncu pillədə olsa da, ötən tur Avroliqaya iddialı AZAL-ı məğlub edə bildi. Güclü rəqibdir, oradakı uşaqlar futbol oynamağı bacarırlar”.

Bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib. Gənc yarımmüdafiəçi klub saytına komandasının Topaz Premyer Liqasının 32-ci turunda “Rəvan” ilə keçiriləcək oyun öncəsi belə danışıb: “Bu komandadan ehtiyatlanmağa dəyər. İkinci dövrədə Gəncədə keçirilən ev oyununa rahat çıxmışdıq deyə onlar səfərdən bir xal aparmağa müvəffəq oldular. İndi belə olmamalıdı, rəqibi ciddiyə almışıq. Bizə qələbə lazımdır”.

Cavadov qarşıdakı matça hazırlıqla da bağlı fikirlərini bölüşüb: “Oyuna yaxşı hazırlaşmışıq. Sonuncu matçda qələbə qazandığımızdan əhval-ruhiyyəmiz də yerindədir. Uşaqlarla deyib-gülürük, hər şey qaydasındadır”.

“Rəvan”a qarşı görüşdə Kərim Diniyev cəzalı olduğundan “Kəpəz”ə kömək edə bilməyəcək. Diniyevin yoxluğu dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Cavadovun meydana çıxmaq şansını artırır: “Baş məşqçimiz sağ olsun, oynamaq üçün mənə mütamadi imkan yaradır. Düzünü desəm, şans gözləyirəm. Meydanda mübarizə aparmağa da hazıram”.

Xəbər 869 dəfə oxundu.