Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı marketinq müqaviləsi imzalanıb
Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qlobal marketinq üzrə müqavilənin imzalanma mərasimi keçirilib.

Tədbirə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əl Nassar, Dubayda yerləşən Events Lab and MMC Sportz-un rəsmiləri - Səid Əbdülqaffar Hüseyn, Nasser Tabbah, Samir Tabbah və Erik M.Qottşalk qatılıb. Mərasimin ardından mətbuat konfransı təşkil edilib.

İslam Həmrəyliyi İdman Federasiyalarının baş katibi Faysal Əl Nassar IV İslam Həmrəyliyi Oyunlarının gələn il Azərbaycan paytaxtında keçiriləcəyini təsdiqləməkdən və Bakı kimi əzəmətli şəhərin böyük beynəlxalq idman yarışları təşkilatçısı təcrübəsinə malik olmasından qürur duyduqlarını bildirib: “Fəxr edirik ki, Bakı kimi möhtəşəm bir şəhər IV Oyunları öz üzərinə götürüb. Çoxsaylı böyük beynəlxalq turnirlərin təşkilində zəngin təcrübəyə malik şəhərin növbəti il bu yarışı keçirəcəyini səbirsizliklə gözləyirik”.

57 ölkədən 5000 atletin qatılacağı gözlənilən yarışda vacib olan idman növlərinin siyahısı da açıqlanıb. Belə ki, kamandan oxatma, üzgüçülük (o cümlədən sualtı üzgüçülük), atletika, basketbol, qılıncoynatma, futbol, gimnastika, həndbol, cüdo, karate, stolüstü tennis, taekvondo, voleybol və ağırlıqqaldırma növləri üzrə yarışların keçirilməsi tövsiyə olunub. Lakin ev sahibi həmin regionda sevilən idman növünü proqrama daxil etmək hüququna malikdir. Sonuncu yarışı keçirən İndoneziya badmintona üstünlük vermişdi. Azərbaycanın isə seçimini uşu idman növünə verəcəyi gözlənilir.

Qeyd edək ki, ilk İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. II Oyunların 2009-cu ilin oktyabrında İranda təşkil edilməsi planlaşdırılsa da, əvvəlcə 2010-cu ilin aprelinə təxirə salınıb, sonra isə ümumiyyətlə baş tutmayıb. III Oyunlar 2013-cü ildə İndoneziyada təşkil olunub. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci il 12 - 27 mayda Bakıda keçirilməsi barədə qərar 3 il öncə Səudiyyə Ərəbistanın Ciddə şəhərində verilib. Oyunlara 57 ölkənin 5000-dən çox idmançısının qatılacağı gözlənilir.

Xəbər 574 dəfə oxundu.