Neftçi Gənclər Festivalına hazırlaşır
“Neftçi” PFK "Stadium Tour” layihəsini davam etdirir. Bu dəfə layihənin qonaqları “Neftçi” PFK ilə əməkdaşlıq edən “IB Club” Gənclərin İnkişaf Mərkəzinin üzvləri olublar.

Ənənəvi olaraq qonaqlar tura media mərkəzindən başlayıblar. 100-dən artıq qonaq “Bakcell Arena”nın media mərkəzində iyun ayında keçiriləcək “IB Gənclər Festivalı”nın təqdimat mərasimində iştirak ediblər. Burada qonaqlara festival haqqında məlumat verilib. “Neftçi” PFK-nın dəstəyi ilə keçiriləcək “IB Gənclər Festivalı”nın təşkilində əsas məqsəd gənclərin stadiona gələrək bir gün ərzində öyrənərək əylənə biləcəkləri gün keçirmələrinə şərait yaratmaqdır. Bununla gənclər futbol ab-havasını və azarkeşlik həyəcanını da yaşamış olacaqlar. Təqdimat müddətində festivalın rəsmi saytı və iştirak edən gənclərə “Festivalın Elçisi” statusu təqdim olunub.

Daha sonra tur iştirakçılarına paltardəyişmə otaqları, mərkəzi "Skybox”lar, “VIP lounge” və s. bölmələri göstərilib. Festivalın rəmzi başlanğıcı olaraq qonaqlar havaya “dilək şarları” buraxıblar. Sonda tur iştirakçılarına klubun rəmzi atributları hədiyyə edilib.
Qeyd edək ki, “Neftçi” PFK və “IB Club” Gənclərin İnkişaf Mərkəzi birgə təşkilatçılığı ilə keçiriləcək “IB Gənclər Festivalı” iyun ayının sonlarında baş tutacaq. Festivalda iştirak edəcək 11000 gənc müraciət əsasında seçiləcək.

Xəbər 760 dəfə oxundu.