Bu gün ölkə çempionatında 3 oyun keçirilib
Bu gün Azərbaycan Premyer Liqasında 2 aylıq fasiləyə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, qış fasiləsindən sonra keçirilən ilk 3 matçla XX tura start verilib.

Yubiley – XX milli çempionatda mübarizə Bakıdakı oyunlarla davam edib. Paytaxtdakı görüşlər eyni nəticə ilə başa çatıb. Hər 2 görüşdə qonaqlar 3:0 hesablı qələbəyə seviniblər. Ev oyununu paytaxtda keçirən “Sumqayıt” “Neftçi” ilə matçda meydana çıxmağa peşman olub. Son ölkə çempionu və hazırkı lider debütantı 3 cavabsız qolla məğlub edib.

“Bakı” isə “Qarabağ”a yenə də uduzub. İlk dövrədə rəqibinə minimal hesabla uduzan “ağ-göylər”, öz meydanlarında daha acınacaqlı halla üzləşiblər. Ağdamlılar paytaxtın eyni adlı təmsilçisini 3 qolla məyus edib. Bu, “Bakı”nın çempionatda ardıcıl 2-ci darmadağınıdır. Aleksandr Starkovun komandası qış fasiləsi ərəfəsində “Xəzər Lənkəran”a da eyni hesabla uduzmuşdu.

“Ağ-yaşıllar” günü qələbə ilə başa vuran yeganə meydan sahibi olub. Cənublular çətinliklə olsa da, AzAL-ın müqavimətini qıra bilib. Bu qələbə sayəsində “Xəzər Lənkəran” ən azı 1 günlük 2-ci pilləyə yüksəlib.

15 fevral

"Xəzər Lənkəran" – AZAL - 1:0
Qol: Rahid Əmirquliyev, 74

"Sumqayıt" - "Neftçi" - 0:3
Qol: Flavinyu, 45, Nəsimov, 50; 84

"Bakı" - "Qarabağ" - 0:3
Qol: Əfran İsmayılov, 27 (pen); Rəşad Sadiqov, 48; Georgi Adamiya, 64

Xəbər 928 dəfə oxundu.