Güləşçimiz gümüş medal və Rio Olimpiadasına vəsiqə qazanıb
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri başa çatıb.

Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edib. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanıb.

Turnirin son günündə sərbəst güləşçilər mübarizə aparıb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə ilk görüşündə Guamdan Ethan Tomapanı 57 saniyə ərzində tam üstünlüklə məğlub edib. Ardınca Moldovadan Aleksandru Chirtoaca üzərində qələbə qazanan güləşçimiz yarımfinala yüksəlib. Hindistan təmsilçisi Sandip Tomarla gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, xalların keyfiyyətinə və son xalı qazandığına görə Mircəlal Həsənzadə finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Final görüşündə isə güləşçimiz Rumıniyadan İvan Guideaya uduzub və I Dünya təsnifat turnirinin gümüş medalına yiyələnib. Bu, güləş yığmalarımızın qazandığı 13-cü, sərbəst güləşçilərimizin isə 6-cı Olimpiya vəsiqəsi olub. Beləliklə, sərbəst güləş yığmamız Olimpiadada tam heyətlə iştirak edəcək.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız buna qədər Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Xəbər 716 dəfə oxundu.