"İlk dövrədəki "Sumqayıt"dan əsər-əlamət yoxdur"
"Bu gün "Sumqayıt"ın "Neftçi" ilə başa-baş mübarizə apara bilməməsinə onların təcrübəsizliyi səbəb oldu. İlk dövrədəki "Sumqayıt"dan əsər-əlamət yoxdur". İdman.com.az saytının xəbərinə görə, bunu "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis görüşlə bağlı daha sonra bunları açıqlayıb: "Sumqayıt"lı futbolçuların təcrübəsi yetmədi. Onlar bizi əks hücumlarda yaxalasalar da, fərqlənə bilmədilər. Bununla belə, "Sumqayıt" hələ çox komandalara başağrısı olacaq. Bu gün daha çox gənc oyunçulara şans verdim. Düşünürəm ki, Fərid Quliyevin vaxtı çatacaq”.

B.Hacıyev milli komandanın yoldaşlıq görüşlərini izləmək üçün Dubaya getməməsinə aydınlıq gətirib: "Mən Dubaya turist kimi getmək istəmirəm. Həmkarım Bernhard Raabın Dubaya getməsinə gəlincə, yəqin almaniyalı mütəxəssis Foqtsun həmkəndlisidir".

Xəbər 1052 dəfə oxundu.