Gəncə şəhər stadionunda projektorlar yenilənəcək
Gəncə şəhər stadionunda yeni tribunalar quraşdırılsa da, ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmur.

Bu barədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov bildirib. Onun sözlərinə görə, azarkeşlərin rahatlığını təmin etmək üçün tribunalarda hazırda təxminən 2500 oturacaq quraşdırılır:

“Oturacaqlarla bağlı iş gedir. Təmir planında projektorların dəyişdirilməsi də var. Ancaq ilk olaraq oturacaqlar yenilənir. Çempionatda ən çox azarkeş “Kəpəz”in oyunlarına gəlir. Bu səbəbdən onların rahatçılığı üçün bu işləri görmək lazımdır”.

M. Cəfərov stadionda aparılan təmir işlərinin sırf Azərbaycan Kubokunun final görüşü üçün olmadığını deyib: “Stadionda təmir işləri sırf nə kubok, nə də “Kəpəz”in avrokuboklarda oyun keçirməsi üçün aparılmır. Biz azarkeşlərin rahatlığını təmin etmək, daha çox futbolsevəri stadiona cəlb etmək istəyirik ki, komandaya dəstək versinlər. Ot örtüyünün dəyişdirilməsinə gəlincə, bu, asan məsələ deyil. Bu səbəbdən normal vəziyyətdə saxlamaq üçün daimi işlər görülür. Ot örtüyünə mütəmadi gübrələr verilir və qulluq edilir”.

Xəbər 587 dəfə oxundu.