Cüdoçu Rüstəm Orucov Avropa çempionatının qalibi olub
Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Yığma komandamızın liderlərindən hesab olunan Rüstəm Orucov (73 kq) Avropa çempionatının qızıl medalını qazanıb.

Yarışa 1/16 finaldan başlayan R.Orucov ilk qarşılaşmada litvalı Kestutis Vitkauskası ipponla məğlub edib. Cüdoçumuz ikinci görüşdə də eyni uğuru təkrarlayaraq, çexiyalı Yakub Jesminekə cəmi 22 saniyəyə qalib gəlib. R.Orucov dörddəbir finalda Rok Draksiç ilə (Sloveniya) üz-üzə gəlib. “Böyük dəbilqə” turnirinin də qalib olmuş idmançımız bu rəqibinə də şans verməyərək, yarımfinalda iştirak hüququ qazanıb. Həmyerlimiz finala gedən yolda rusiyalı Denis Yartsevi mübarizədən kənarlaşdırıb. Rəqibini ippona salmaq üçün təmsilçimizə iki dəqiqə kifayət edib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn R.Orucov qızıl medal qazanaraq qitənin ən güclüsü adına sahib olub.

Xəbər 707 dəfə oxundu.