Futbol və Sağlam Həyat adlı layihəyə start verilib
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsinə start verilib. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlam həyata yönləndirməkdir.

"Futbol və Sağlam Həyat" adı altındakı layihənin Sumqayıt şəhərində və onun ətraf qəsəbələrində yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan şagirdlər arasında keçirilməsi nəzərdə tutulub. Seminar tipli layihədə hər məktəbdən 10-12 yaş arası aldığı qiymətlərlə seçilən şagirdlər iştirak edəcək.

Bu gün Sumqayıtda yerləşən 12 saylı orta məktəbdə adıçəkilən layihənin açılış mərasimi baş tutub. Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, xüsusi qonaqlar futbol veteranları - Nazim Süleymanov, Arif Əsədov, Mahmud Qurbanov, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Şəhər Təhsil şöbəsi, Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin, eləcədə "Sumqayıt" FK-nın rəhbərliyi, məşqçi heyəti və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev "Futbol və Sağlam Həyat" layihəsi haqqında qonaqlara geniş məlumat verib. Ardınca millət vəkili Muxtar Babayev tədbirin vacibliyi haqqında danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov isə son zamanlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan söz edərək yeniyetmələrə bəzi tövsiyyələrini verib. Futbol veteranları Nazim Süleymanov və Arif Əsədov da layihə haqqında fikirlərini bildirib. Daha sonra qonaqlar imzalanmış topu məktəbin muzeyinə hədiyyə edib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra klubun texniki direktoru Aqil Məmmədov və məşqçi Azad Mütəllimov şagirdlərə futbol oyunu və sağlam həyat haqqında seminar keçib. Sonda "Sumqayıt" FK-nın məşqçi heyəti ilə şagirdlər arasında sual-cavab yarışması keçirilib və qaliblər mükafatlandırılıb.

Yekunda bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri və sponsorların hazırladıqları hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ardıq ikinci ildir keçirilən "Futbol və Sağlam Həyat" layihəsi 48 orta məktəbi əhatə edəcək. Ümumilikdə, layihədə 500-dən artıq şagird iştirak edəcək.

Xəbər 675 dəfə oxundu.