Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Azərbaycanın uşaq şahmatçıları Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, on bir yaşlı Teymur Rəcəbov, Avropa və dünya çempionatlarının gümüş mükafatçısı, on iki yaşlı Vüqar Həşimov dövlətimizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etmiş və yüksək nəticələr əldə etmişlər. Beynəlxalq Şahmat Federasiyasının 1997-ci ilin yekunlarına görə dərc etdirdiyi reytinq-siyahıda hər iki şahmatçımız öz yaşıdları arasında lider olmuşdur.
Teymur Rəcəbov və Vüqar Həşimovun öz ustalıqlarını daha da artırmasını və beynəlxalq yarışlarda iştirakını lazımi səviyyədə təmin etmək məqsədilə qərara alıram:
1. İstedadlı Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimov üçün hazırlanmış xüsusi proqramın 1998-ci ildə həyata keçirilməsi üçün 120 (yüz iyirmi) milyon manat (hər birinə 60 milyon manat) məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 1998-ci il.

Xəbər 1129 dəfə oxundu.