“Formula-1” Avropa Qran-prisi ilə bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Media nümayəndələri arasında keçirilən “Formula-1” Avropa Qran-prisi jurnalistlərin gözü ilə” mövzusunda yazı müsabiqəsinin qalibləri aprelin 22-də mükafatlandırılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Azərbaycanda “Formula-1” jurnalistikasının inkişafına dəstək məqsədilə keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi BŞH-nin ofisində təşkil olunub.

Mərasimdə çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran-prisinin daha geniş ictimaiyyətə tanıdılmasındakı xidmətlərinə görə jurnalistlərə minnətdarlığını bildirib. O, bu mötəbər yarışa daha geniş azarkeş kütləsinin cəlb edilməsi baxımından KİV təmsilçilərinin rolunu yüksək qiymətləndirib.

Avropa Qran-prisinin rəsmi elçisi, “Formula-1” üzrə idman şərhçisi Rəhim Əliyev jurnalistlərin müsabiqəyə təqdim etdikləri yazıların yüksək peşəkarlıqla hazırlandığını vurğulayıb, qalibləri təbrik edib. Qeyd olunub ki, münsiflər heyəti müsabiqəyə təqdim edilən məqalələri kreativlik, uyğunluq və aktuallıq kimi meyarlar əsasında qiymətləndirib.

Sonra qaliblər mükafatlandırılıb.

Təltif olunanlar arasında AZƏRTAC ilə əməkdaşlıq edən jurnalist Emil Eyyubov da var.

Nigar Arpadarai qalibləri təbrik edərək müsabiqədə göstərdikləri fəallığa görə yarış iştirakçılarına təmsil etdiyi şirkət adından minnətdarlığını bir daha bildirib.

Xəbər 661 dəfə oxundu.