Cüdo üzrə Avropa çempionatının ilk günündə 4 idmançımız mübarizəyə qoşulub
Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.

Bu yarışda çempionatın qalibinə 400 lisenziya xalı veriləcək. Bu da 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından önəmlidir. Beynəlxalq Cüdo Federasiyası yekun reytinq siyahısını mayın sonlarında dərc edəcək. Belə ki, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə dörd idmançımız çıxıb.

Kişi idmançılar arasında 60 kiloqram çəki dərəcəsində ilk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, “Böyük dəbilqə”nin qalibi Tom Şmiti (Lüksemburq) yarışdan kənarlaşdıran Arif Bağırovla (Belarus) qüvvəsini sınayıb. O. Səfərov əslən azərbaycanlı rəqibinə heç bir şans verməyərək, ipponla dörddəbir finala vəsiqə qazanıb. Səfərov yarımfinala gedən yolda Jeron Murenlə (Hollandiya) qarşılaşıb. Orxan bu dəfə də qələbə qazanaraq, yarımfinala yüksəlib. Cüdoçumuz finala çıxmaq üçün bu döyüşdə italiyalı Elios Manzinı yarışdan kənarlaşdırmalıdır.

Eyni çəkidə tatamiyə çıxan digər təmsilçimiz İlqar Müşkiyev isə səkkizdəbir finalda Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Müşkiyev ikinci görüşünü də qalib kimi başa vurub. İsrailli Artyom Arşanski səddini keçən cüdoçumuz dörddəbir finalda türkiyəli Bekir Özlü ilə mübarizə aparıb. Lakin o, bu dəfə məğlub olub və rəqib yarımfinala yüksəlib. Buna baxmayaraq, İlqar təsəlliverici görüşə qatılacaq. Həmyerlimiz bürünc medal uğrunda döyüş üçün Amiran Papinaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

66 kiloqram çəki dərəcəsində millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov birinci qarşılaşmada çıxışını dayandırmalı olub.

Qadınlar arasında 48 kiloqram çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla görüşüb. O, start görüşündə məğlubiyyətə üzülüb.

Qeyd edək ki, yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Xəbər 770 dəfə oxundu.