Futbol və Sağlam Həyat adlı layihə start götürəcək
"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi keçiriləcək. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

"Futbol və Sağlam Həyat" adı altındakı layihənin Sumqayıt şəhərində və onun ətraflarında yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan şagirdlər arasında keçiriməsi nəzərdə tutulub. Seminar tipli layihədə hər təhsil ocağından 10-12 yaş arası əlaçı şagird iştirak edəcək. Ümumilikdə, 48 məktəbi əhatə edəcək layihədə 500-dən artıq məktəbli iştirak edəcək.

Aprelin 22-də "Futbol və Sağlam Həyat" adlı layihənin açılış mərasimi baş tutacaq. Tədbir Sumqayıtda 12 saylı orta məktəbdə keçiriləcək. Saat 12:30-da başlanacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir. Tədbirə gəlmək istəyən media nümayəndələri klubun mətbuat xidməti ilə əlaqə saxlaya bilər.

Xəbər 695 dəfə oxundu.