“Simurğ”un son transfer kim oldu?
“Simurq” qış fasiləsində transfer işlərini yekunlaşdırıb. İdman.com.az saytının məlumatına görə, bu barədə apasport.az-a komandanın icraçı-direktor Vaqif Əliyev məlumat verib. O bildirib ki, son transferləri Latviya yığmasının futbolçusu İqor Tarasov olub. Karyerası daha çox “Skonto”ya bağlı olan 23 yaşlı hücumameylli yarımmüdafiəçinin keçidi bu gün rəsmiləşib:

“Son klubu “Skonto” olan Tarasovla anlaşmamız cari mövsümün sonuna qədərdir. Bizə yarımmüdafiənin mərkəzinə bir oyunçu lazım idi ki, İqor həmin mövqeyə aldığımız legioner oldu. Bildiyiniz kimi, latviyalını Antalyada təlim-məşq toplanışımızda baxışa çağırıb, bəyənmişdik. Ancaq həmin vaxt Tarasovla anlaşa bilməmişdik. Bu da agenti ilə bağlı texniki məsələlərlə əlaqədar idi. Həmin agentlə problemi yoluna qoyandan sonra transferi reallaşdırdıq.

Digər transferimiz – moldovalı hücumçu Anatoli Doroş da öz yığmasının üzvüdür və İqor kimi azad agent statusuna malikdir. Qaydaya görə, azad agent statusuna malik futbolçuları mövsümün gedişində istənilən vaxt transfer etmək olar. Biz də bundan yararlanaraq, həmin futbolçuları heyətimizə cəlb edərək, sifariş edirik”.

Mütəxəssis, 29 nömrəli formanı geyinəcək Tarasovun artıq komandanın Zaqataladakı hazırlığında iştirak etdiyini bildirib. Onun “Qəbələ” ilə sabahkı ev oyununda iştirakına isə rusiyalı baş məşqçi Sergey Yuran qərar verəcək: “Hazırda komandamız Zaqatalada oyun qabağı son məşqini keçir. Burada hava şəraiti yaxşıdır. Meydançanın vəziyyəti demək olar əladır.

Yağan güclü qar stadionun işçiləri, əvəzedici heyətimizin uşaqlarının birgə köməkliyi sayəsində tam təmizlənib. Bu üzdən oyunu keçirməklə bağlı heç bir problem yoxdur. Qonaq komanda da Zaqatalaya gəlib və bu gün saat 17:00-da stadionumuzda məşq edəcək”.
Qeyd edək ki, “Simurq” – “Qəbələ” oyunu sabah saat 13:00-da başlayacaq.

Xəbər 961 dəfə oxundu.