Karate üzrə “Baku Open” turnirində 10 ölkənin 200-dən çox idmançısı iştirak edəcək
22-23 aprel tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində 7-ci Beynəlxalq “Baku Open” Karate turniri keçiriləcək.

Yarışda 10 ölkənin idmançıları iştirak edəcək. Yeddinci beynəlxalq “Baku Open”ə Azərbaycandan başqa Türkiyə, Bolqarıstan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukraynadan 200-dən artıq idmançı qatılacaq.

Turnirin təntənəli açılış mərasimi 22 aprel saat 17:00-da başlayacaq. Mərasimdə bir sıra ölkələrin karate federasiyasının rəhbərləri və digər fəxri qonaqlar iştirak edəcəklər.

Böyüklər arasında fərdi kata və kumite yarışları, həmçinin veteran karateçilərin çıxışları yarışın ilk günü olacaq. Ertəsi gün isə yeniyetmə və gənclərin kata və kumite yarışları keçiriləcək.

Turnirin təntənəli açılış mərasimi və final görüşləri canlı yayımlanacaq. Hər iki yarış günü Azərbaycan Milli Karate Federasiyasının rəsmi internet səhifəsində, eləcə də rəsmi “YouTube” videokanalı və “Facebook” sosial şəbəkəsinin rəsmi səhifəsi vasitəsilə canlı yayımla təqdim ediləcək. Turnirin daha da kütləvi işıqlandırılması üçün Rusiyanın “Боец” televiziyasından xüsusi çəkiliş qrupu dəvət olunub.

Xəbər 685 dəfə oxundu.