“Mexico City Guerreros” – “Baku Fires”: Heyətlər açıqlandı
“Bakı Alovları” Ümumdünya Boks Seriyasının (WSB) müntəzəm mövsümünün yekun qarşılaşmasını səfərdə keçirəcək. İdman.com.az saytının məlumatına görə, 10-cu turda paytaxt təmsilçisi Meksikada “Mexico City Guerreros”in qonağı olacaq. Fevralın 18-də “Foro Polanso” arenada keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Artıq hər 2 komanda rinqə çıxacaq heyəti açıqlayıb. Qeyd edək ki, “Baku Fires”ın heyətində bu matçda üç debütant – Məhəmməd Qurbanov, Rəcəb Əliyev və 2011-ci il Azərbaycan çempionatının gümüş mükafatçısı Fərid Şabanov iştirak edəcəklər. 61 kq-dək çəki dərəcəsində çıxış edən İsa İsayevin də ilk döyüşünə çıxacağı gözlənilsə də, məşqçilər qələbə qazandığı təqdirdə ilk 2 yerdən birini və fərdi finalda iştirakı özünə təmin edəcək Mədadi Naqzibəyovu heyətə salmaq qərarına gəliblər. Çünki bu komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Mədadi Xurşid Tocibayevlə mübarizə apararaq, qələbə qazanmışdı.

Naqzibəyov kimi, Xeybulla Mürsəlov da qələbə qazandığı təqdirdə finala vəsiqəni təmin edəcək. Hər iki boksçumuzun 4 qələbəsi və bir məğlubiyyəti var. Mürsəlov kifayət qədər ciddi rəqiblə - 2010-cu il Avropa çempionatının bürünc mükafatçısı Mladen Manevlə qarşılaşacaq.

Meksika klubunun “Baku Fires”ə qarşı çıxarılmış digər boksçuları hər biri ya bir döyüş keçiriblər, ya da ümumiyyətlə ilk dəfə olaraq WSB-də çıxış edəcəklər. Bundan başqa, yeganə döyüşünü Bakıda keçirmiş və burada Qairbəy Germaxanova məğlub olmuş Aaron Alameda Lopesi də qeyd etmək lazımdır. Yeri gəlmişkən, Germaxanov artiq özünə finala vəsiqəni təmin edib. 85 kq-da isə Azərbaycan finalı baş tuta bilər - Əzəmət Murtuzəliyevun Ramazan Məhəmmədova rəqib olmaq ehtimalı böyükdür.

Bir daha nəzərinizə çatdıraq ki, “Bakı Alovları” və “Mexico City Guerreros” “B” qrupunda müvafiq olaraq 1-ci və 2-ci yerləri özlərinə təmin ediblər. Komandamız artıq növbəti mərhələdə rəqibinin kim olacağını da bilir. Bu, A qrupunda 4-cü yeri tutmuş Hindistanın “Venky’s Mumbai Fighters” klubudur.

“Mexico City Guerreros” – “Baku Fires”:

54 kq
Aaron Alameda Lopes (Meksika) – Məhəmməd Qurbanov (Rusiya)
61 kq
Xurşid Tocibayev (Özbəkistan) – Mədadi Naqzibəyov (Tacikistan)
73 kq. Mladen Manev (Bolqarıstan) – Heybulla Mürsəlov (Azərbaycan)
85 kq
Boyan Miskoviç (Xorvatiya – Rəcəb Əliyev (Azərbaycan)
+91 kq
Omar Qarsiya (Meksika) – Fərid Şabanov (Azərbaycan)

Turnir cədvəli:

1.“Baku Fires” – 27 xal, döyüşlərin fərqi – 37-8 (9 matç)
2.“Mexico City Guerreros” – 19, 29-15 (9)
3.“Leipzig Leopards” – 13, 22-23 (9)
4.“Paris United” – 12, 17-22 (8)
5.“Istanbul Bosphorus” – 11, 18-27 (9)
6.“Beijing Dragons” – 3, 6-34 (8)

“B” qrupunda digər matçların keçirilmə tarixi:

17 fevral – “Paris United” – “Leipzig Leopards”
21 fevral - “Beijing Dragons” -“ Paris United”
22 fevral - “Beijing Dragons” - “İstanbul Bosphorus”

Xəbər 1264 dəfə oxundu.