Nizami rayonunda şahmat yarışının qalibləri bəlli olub
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami rayonunda keçirilən silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, gənclər və idman idarəsinin, Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat yarışı keçirilib. Yarışda hər birinin heyətində 5 nəfər olan 24 komanda iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunmuş çempionatın qalibi 145 saylı orta məktəbin kollektivi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 238 saylı orta məktəb və kimya-biologiya liseyi tutub.

Oyunlar başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və başqaları Azərbaycanda idmana olan dövlət qayğısından söz açıblar. Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.

Xəbər 682 dəfə oxundu.