İdmançılarımız Rio Olimpiadasına 42-ci lisenziyanı qazanıb
Azərbaycan idmançıları Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyaların sayını 42-yə çatdırıb.

Növbəti uğura qılıncoynadan Səbinə Mikina nail olub. Belə ki, Çexiyanın paytaxtı Praqada keçirilən Avropa təsnifat turniri təmsilçimiz üçün uğurlu alınıb. Ardıcıl üç rəqibini məğlub edən idmançımız yarışı birinci pillədə başa vurub. Bu, S.Mikinanın Olimpiya Oyunlarına lisenziyasını rəsmiləşdirib. London Olimpiadasında da iştirak etmiş idmançı ardıcıl ikinci dəfə dördilliyin ən mötəbər yarışına qatılacaq.

S.Mikinadan əvvəl isə Azərbaycan idmançılarından Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma idmanı üzrə millimiz də dörd vəsiqəyə sahib olub.

Xəbər 977 dəfə oxundu.