Boksçularımız beynəlxalq turniri 5 medal və 5 lisenziya ilə başa vurublar
Azərbaycan boksçuları Türkiyənin Samsun şəhərində keçirilən Avropa təsnifat turnirini beş medal və beş lisenziya ilə başa vurublar.

Yarışın sonuncu günündə dörd boksçumuz rinqə çıxıb.

Qadınların mübarizəsində Yana Alekseyevna (60 kq) italiyalı İrma Testa ilə finalda üz-üzə gəlib. İdmançımız görüşü qələbə ilə başa vuraraq qızıl medalı aktivinə yazdırıb.

Kişilərin yarışında Abdulqadir Abdullayev (91 kq) üçüncü yer uğrunda görüşdə Ukraynanı təmsil edən ermənistanlı Gevorq Manukyanla üz-üzə gəlib. Qarşılaşmada 2:1 hesabı ilə qalib gələn A.Abdullayev bürünc medalla yanaşı, Rio Olimpiadasına lisenziya qazanıb. Qeyd edək ki, hər iki boksçu “Bakı-2015” birinci Avropa Oyunlarının finalında da görüşməli idilər. Ancaq G.Manukyan zədəli olduğunu səbəb göstərərək, rinqə çıxmamışdı.

Turnirin axşam proqramında isə Azərbaycan təmsilçilərindən Lorenso Sotomayor (64 kq) litvalı Evaldas Petrauskasa 3:1 hesabı ilə qalib gəlib. Məhəmmədrəsul Məcidov (+91 kq) isə böyük britaniyalı Jozef Yoysa uduzub - 1:2.

Beləliklə, Azərbaycan boksçuları Avropa təsnifat turnirini 3 qızıl, 1 gümüş, 1 bürünc medal, habelə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 5 lisenziya ilə başa vurublar. Y.Alekseyevna və L.Sotomayordan əlavə, Cavid Çələbiyev (56 kq) də qızıl medala sahib olub. M.Məcidov gümüş, A.Abdullayev isə bürünc medal qazanıb.

Xəbər 935 dəfə oxundu.