XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına milli yığma komandalarımızı yüksək səviyyədə hazırlamaq və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə qərara alıram:
1. Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına hazırlıq üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Artur Rəsizadə - Azərbaycan Respublikasının Baş naziri
Təşkilat Komitəsinin üzvləri
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezident Aparatının Humanitar Siyasət Şöbəsinin müdiri;
Rəfael Allahverdiyev - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
Səfər Əbiyev - Azərbaycan Respublikasının müdafiə naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Fikrət Yusifov - Azərbaycan Respublikasının maliyyə naziri;
Əli İnsanov - Azərbaycan Respublikasının səhiyyə naziri;
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının gənclər və idman naziri;
Əhməd Abdinov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini;
Nizami Xudiyev - Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkətinin sədri;
İlham Əliyev - Milli Olimpiya Komitəsinin prezidenti;
Səttar Mehbalıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
Ağacan Abiyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru;
Namiq Abdullayev - Atlanta-96 Olimpiya Oyunlarının gümüş mükafatçısı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Milli yığma komandaların XXVII Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə əlavə maliyyələşdirmə mənbələri yaratsın və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini həyata keçirsin:
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 1998-ci il.

Xəbər 1215 dəfə oxundu.