“Olimpiya hərəkatı” proqramı Azərbaycanda basketbolun inkişafına töhfəsini davam etdirir
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olimpiya hərəkatı” adlı məktəblilərin kütləvi idman proqramı ölkədə idmanın inkişafına töhfə verməkdə davam edir.

Proqramın əsas məqsədi “Bakı-2015” birinci Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton yarışlarına cəlb etməkdir. Bakının 440-dək orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird proqram çərçivəsində bu idman növləri üzrə yarışlara cəlb olunub.

“Olimpiya hərəkatı” proqramı çərçivəsində yalnız Bakıda məktəb komandaları arasında basketbol üzrə keçirilmiş rayon birincilikləri 300-dən çox məktəbi və 2 min 500-ə yaxın şagirdi əhatə edib. Yarışdan əvvəl Bakının rayonlarında qalib gəlmiş komandalar üçün təlim-məşq toplanışı təşkil edilib. İdman tədbirinin əsas məqsədi basketbol 3x3 idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdır.

Bu idman növünün sirlərini gənc basketbolçulara daha dərindən öyrətmək məqsədilə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin və Azərbaycan Basketbol Federasiyasının nümayəndələrinin, həmçinin milli yığma komandanın üzvlərinin iştirakı ilə basketbol oyunu təşkil edilib.

Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmov proqram və oyunla bağlı qeyd edib ki, “Olimpiya hərəkatı” proqramı basketbolun 3x3 növünə məktəblilərin kütləvi axınını və ölkədə basketbolun inkişafını təmin edəcək. Gələcəkdə məktəblilərin idmanın bu növü ilə peşəkar səviyyədə məşğul olmasına gətirib çıxaracaq.

Basketbol üzrə Azərbaycan milli yığma komandasının üzvü Amil Həmzəyev deyib: “Məktəblilər “Olimpiya hərəkatı” proqramı çərçivəsində basketbol idman növü üzrə keçirilən yarışlarda fəal iştirak edirlər. “Bakı-2015” ilk Avropa Oyunlarından sonra “Olimpiya hərəkatı” proqramı sayəsində hazırda bu idman növü məktəblilər arasında geniş yayılıb. Bu isə gələcəkdə onlara peşəkar səviyyəyə çıxmağa yardım edəcək. Mən məktəblilərin bu təşəbbüsünü dəstəkləyirəm və digər yeniyetmələri də bu proqrama qoşulmağa çağırıram”.

“Olimpiya hərəkatı” proqramı uşaqların daim hərəkətli olmasını təbliğ edir. Proqram məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım etməklə yanaşı, həm də Azərbaycanda basketbolun inkişafına öz töhfəsini verəcək”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev vurğulayıb.

Xatırladaq ki, “Olimpiya hərəkatı” kütləvi idman proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb. Bu proqram basketbol 3x3, veloidman, yüngül atletika və badminton kimi idman növlərinə məktəblilərin cəlb olunmasında əhəmiyyətli rol oynayıb.

Xəbər 727 dəfə oxundu.