Formula-1 Avropa Qran-prisi zamanı dünyanın üç musiqi ulduzu Bakıya gələcək
İyunun 17-19-da Bakıda keçiriləcək Formula-1 Avropa Qran-prisi çərçivəsində təşkil olunacaq konsert proqramlarında üç dünya ulduzu öz ifaları ilə azarkeşləri əyləndirəcək.

Konsert proqramında çıxış edəcək dünya musiqisinin ulduzlarının adları açıqlanıb. Əyləncə proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyamsın iştirakı gözlənilir. Onlar Formula-1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.

Proqrama əsasən, iyunun 17-də Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə Formula-1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Aprelin 18-də səhnədə canlı musiqi ifa etməkdə ad çıxarmış Enrike İqlesias yer alacaq. “Latın pop musiqisinin kralı” kimi tanınan ispan əsilli müğənni tamaşaçılar qarşısında özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. O, balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula-1 Şəhərciyində çıxış edəcək.

Yarışların sonuncu günü isə Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-cı il Formula-1 Avropa Qran-prisinə yekun vuracaq. İstedadlı amerikalı ifaçı, bəstəkar və prodüser “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərin və digər musiqi əsərlərinin müəllifi kimi tanınır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında Formula-1 Şəhərciyində bir neçə səhnənin qurulacağını bildirərək deyib: “Bilet alanlar yarışı izləməklə yanaşı, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı qazanacaqlar. Onlar, həmçinin GP 2 yarışlarına da tamaşa edə biləcəklər. Biz özümüz üçün Sinqapur proqramını seçmişik. Məqsədimiz Avropa Qran-prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir”.

Konsertə giriş pulsuz olacaq. Proqramda yalnız Avropa Qran-prisinə bilet alan tamaşaçılar iştirak edə biləcəklər.

Xəbər 742 dəfə oxundu.