Atletimiz medal qazanıb, şəhidlərin ruhuna hörmət nümayiş etdirdi
Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb. Yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü - 56 kq çəki dərəcəsində Elmar Alıyev mübarizəyə qoşulub.

Mərkəzi Ordu İdman Klubunun atleti birdən qaldırma hərəkətində yaxşı çıxış etməyib. Üç yanaşmadan cəmi birini uğurlu edən Elmar, 102 kq-la 8-ci olub. Təkanla qaldırma hərəkətində isə Alıyev əla çıxış nümayiş etdirib. Azərbaycan atleti əvvəlcə 130, sonra 133, sonda isə 136 kq-ın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırma hərəkətində Avropa çempionatının bürünc medalına sahib çıxıb. Başqa sözlə, idmançımız kiçik medal əldə edib. Toplamda 238 kq (102+136) nəticə göstərən Alıyev ümumi sıralamada 7-ci yeri tutub.

Xüsusi qeyd olunası məqam isə Elmar Alıyevin ölkəmizin hazırkı çətin günlərində yaşananlara öz münasibətini nümayiş etdirməsi olub. Azərbaycan milli komandasının üzvü təkanla qaldırma hərəkətində 136 kq çəkini uğurla ram edəndən sonra hərbi salam verib. Alıyev bu yolla cəbhə xəttindəki döyüşlərdə həlak olan şəhidlərimizin ruhunu yad edib, onlara hörmət və sayğısını göstərib.

Xəbər 815 dəfə oxundu.