Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan voleybol turniri keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında voleybol yarışı təşkil edilib.

Yarışda çıxış edən YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov, Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu söyləyiblər.

Bildirilib ki, Azərbaycanın müasir tarixinin - 1960-cı illərin sonlarından XXI əsrin əvvəlinədək olan dövrü Ümummilli Liderin adı ilə bağlıdır. Bu illər ərzində Ulu Öndər xalqı ilə birgə tarixin ağır sınaqlarını keçərək, müstəqil Azərbaycan dövlətini yaradaraq onun parlaq gələcəyinin əsasını qoyub.

Sonra yarışa start verilib. 24 məktəbin komandasının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. İki gün davam edən yarışda 277 nömrəli məktəb birinci, 145 nömrəli məktəb ikinci, 32 nömrəli məktəb isə üçüncü yerin sahibi olub.

Yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıblar.

Xəbər 795 dəfə oxundu.