Qəbələdən iki çempionluq
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasında 27-ci turun oyunları keçirilib. Öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.

Cari mövsümdə keçirdiyi 25-ci matçda da qələbə qazanan “qırmızı-qaralar” xal hesabını 75-ə çatdırıb. Bununla da Yaşar Abuzərovun baş məşqçisi olduğu komanda mövsümün sonuna 3 tur qalmış çempion titulunu təmin edib. “Qəbələ” 24 matç keçirən “Neftçi”ni 21, 21 oyuna çıxan “Əlincə”ni 22 xal qabaqlayır. Bu, "Qəbələ"nin U-16 Liqasında 3-cü çempionluğudur. 2011/2012 mövsümündən keçirilən yarışda 3 qızıl (2012/13, 2013/2014 və 2015/2016) medal qazanan “qırmızı-qaralar” 2 dəfə (2011/2012, 2014/2015) gümüşə yiyələnib.

U-16 kimi, "Qəbələ"nin U-15 komandası da cari mövsümün çempionu titulunu qazanıb. 31-ci turda “Vətən”lə ev oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” sona 3 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Ehtiyatda 1 oyunu da olan “Qəbələ” 30 matçda 88 xal toplayıb. 29 qələbə və 1 heç-heçəsi olan Xaqani Məmmədovun yetirmələri 3 oyunu qalan “Neftçi” və “İnter”i 13, 4 matçı qalan “Xəzər Lənkəran”ı 14 xal arxada qoyur.

"Qəbələ" bu yaş qrupunda ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. 2012/2013 və 2013/2014 mövsümlərində çempion, ötən il gümüş mükafatçı olan “Qəbələ” 3-cü qızılını əldə edib.

Xəbər 702 dəfə oxundu.