Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur
Bakı Şəhər Halqası AİTF-2016 sərgisində təqdim olunur. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini daha geniş şəkildə dünya ictimaiyyətinə tanıtmaq üçün, 7-9 aprel tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində (AİTF-2016) təqdim olunur.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 40 ölkəsindən 200-dən çox şirkət iştirak edir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ilk dəfə qatıldığı bu sərgidə Avropa Qran Prisinin stendində bilet satış məntəqəsinə, Formula 1 yarış avtomobilinin təqdimatına və geniş ekranda Bakı Şəhər Halqası ilə yanaşı paytaxt Bakının nəfəsçəkici görüntülərinin əks olunduğu video-çarxların nümayişinə yer verilib.

Avropa Qran Prisi stendinin ziyarətçilərinə bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışı ilə bağlı son yeniliklər haqqında məlumat verilir və onlara içərisində yarış haqqında zəruri məlumatların olduğu broşuralar paylanılır. Bununla yanaşı stendi ziyarət edənlər Formula 1 avtomobili ilə şəkil çəkdirmək və yarışa bilet almaq imkanından da yararlana biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sərgiyə yüksək səviyyədə hazırlığın görüldüyünü bildirərək hamını Avropa Qran Prisinin stendinə baş çəkməyə dəvət edir: “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına xaricdən maraq olduqca böyükdür. İndiyədək 25 ölkədən bilet sifarişi olub. Satılan biletlərin 65 %-i xarici ölkələrin payına düşür. Digər tərəfdən, yarış həftəsonu ərəfəsində Bakıda yerləşən otellərin doluluq nisbəti 70 %-dən çoxdur. Bu o deməkdir ki, bu yay Azərbaycana minlərlə turistin gələcək.

İştirak etdiyimiz Turizm və Səyahətlər sərgisinin də beynəlxalq səviyyədə Avropa Qran Prisi haqqında məlumatlılığın artmasına böyük töhfə verəcəyinə inanırıq. Fürsətdən istifadə edərək hamını Avropa Qran Prisinin stendini ziyarət etməyə dəvət edirəm.”

Qeyd edək ki, Avropa Qran Prisinin stendi 7-9 aprel tarixlərində hər gün sərgi saatlarında açıq olacaq. Sərgi aprelin 8-də 09:00-dan 18:00-dək və aprelin 9-da 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

Xəbər 742 dəfə oxundu.