“Şahdağ”ın futbolçusu qələbə qolunu əsgər salamı ilə qeyd edib
Aprelin 7-də futbol üzrə Azərbaycan birinci divizionunda XXI turun ilk görüşləri keçirilib.

Şövkət Orduxanov adına Qusar şəhər stadionunda yerli “Şahdağ” klubu Qazaxın “Göyəzən” komandası ilə qarşılaşıb. Cəmi bir qolun vurulduğu matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Gərgin keçən oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Nəhayət oyunun sonlarına yaxın qusarlılar hesabı açıblar. Matçın 80-ci dəqiqəsində Sərxan Ağayev dəqiq zərbə ilə yerli azarkeşləri sevindirib. Qusarlıların hücumçusu qələbə qolunu azarkeşlərə əsgər salamı verməklə qeyd edib.

“Göyəzən”li futbolçular oyunun son dəqiqələrinədək mübarizə aparsa da, hesabı bərabərləşdirməyi bacarmayıblar. 1:0 hesabı ilə başa çatan matçdan sonra “Şahdağ” xal ehtiyatını 27 yüksəldərək, səkkizinci pilləyə qalxıb.

XXI turun bu gün keçirilən digər görüşlərində “Zaqatala”-“Şərurspor” 5:5, “Ağsu”-“Bakılı” 1:0, “Turan Tovuz”-“Bakı” 1:0 hesabları qeydə alınıb.

Xəbər 648 dəfə oxundu.