Bu gün Tofiq Babanlının 75 yaşı tamam oldu
Tofiq müəllimi ən azı 15 ildir ki, tanıyıram. Deyirlər bir insanı daha yaxşı tanımağın yolu onunla səfərə çıxmaqdır. Mən Tofiq müəllimlə uzun yola çıxmışam. Nə az, nə çox - 10 gün İtaliyanın Milan şəhərində onunla yol yoldaşı olmuşam. Amma səfərdən sonra onunla bağlı fikirlərim heç dəyişməyib: mehriban, səmimi və dürüst insan!

Tam səmimiyyətlə deyə bilərəm ki, Tofiq müəllimin öz işinə həvəslə yanaşması, dəqiq və məsuliyyət hissi məni həmişə heyran edib. Onunla və həmyaşıdı, ADBTİA-nın rektoru, millət vəkili, boks federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyevlə birgə müəllifi olduğumuz “Azərbaycan boksu 80 ildə” kitabını nəşrə hazırlayanda bunun qəti şahidi olmuşam.

Bu gün Tofiq müəllim 75 yaşını tamamlayır. 1937-ci il fevralın 14-də Naxçıvan şəhərində anadan olsa da, orta təhsilini Bakıda alıb. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Gənc idman mütəxəssisi kimi əmək fəaliyyətinə Bakı şəhər Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsində başlayıb.

Tofiq müəllimin jurnalistikaya olan həvəsi onu 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinə gətirib. İkinci təhsilini, qiyabi olaraq, universitetin jurnalistika fakültəsində alıb. Yeni ailə həyatı qurmuş və hələ də rinqdə döyüşən, eyni zamanda məşqçilik fəaliyyəti ilə məşğul olan gənc Tofiqə, bütün bunlarla yanaşı, təhsilini davam etdirmək üçün sutkada 24 saat da azlıq edərdi. Buna baxmayaraq o, həmişə qarşıya çıxan problemlərə, çətinliklərə sinə gərib və hər bir vəziyyətdən qalib çıxırdı. Qalib gəlmək həyatının əsas prinsiplərindən biri olub və o buna indi də sadiq qalır.

1952-ci ildə T.Babanlı məhəllə uşaqları ilə birlikdə “Burevestnik” idman cəmiyyətində boks bölməsinə yazılaraq, həvəslə məşğul olmağa başlayır. Bir il sonra isə ilk dəfə idman cəmiyyətinin təşkil etdiyi rəsmi yarışda iştirak edib və qələbə sevinci yaşayıb.

1954-cü ildən ölkədaxili və Azərbaycandan kənar yarışlarda uğurla çıxış edən gənc boksçu mütəxəssislərin diqqətini cəlb edir, gənc olmağına baxmayaraq, özündən yaşlı dəri əlcək ustaları ilə birgə, təlim-məşq toplanışlarına cəlb edilir və tez bir zamanda respublika yığma komandasında öz mövqeyini möhkəmləndirib. 1957-ci ildə SSRİ tələbələrinin universiadasında qızıl medal, bir il sonra SSRİ Həmkarlar İttifaqı Mərkəzi Şurasının spartakiadasında gümüş medal qazanıb, SSRİ idman ustası adına layiq görülür. 1962-ci ilə kimi rinqdə döyüşlərini davam etdirən T.Babanlı dəfələrlə Azərbaycan, Ümumittifaq və beynəlxalq yarışların qalib və mükafatçısı olub.

Tofiq müəllim məşqçilik fəaliyyətində də böyük uğurlara imza atıb. Onun yetirmələri 13 dəfə SSRİ birincilik və çempionatlarının müxtəlif meyarlı medallarını qazanıblar. 1965-ci ildə yetirməsi Kamal Babayev SSRİ yığma komandası tərkibində gənclərin Avropa kuboku uğrunda komanda yarışında uğurla çıxış edərək qızıl medal qazanıb.

40 ildən artıq müxtəlif aparıcı idman təşkilatlarında və Ali İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışan T.Babanlı 32 SSRİ idman ustası, onlarla yüksək dərəcəli idmançılar yetişdirib. Yetirmələri arasında adi idmançıdan beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim, elmlər namizədi, dosent, professor adına kimi yüksələn şəxslər var.

Tofiq Babanlının əsas amalı vətənimiz üçün güclü, möhkəm iradəli, sağlam düşüncəli, vətənpərvər gənclərin tərbiyəsi olub. 1965-ci ildə T.Babanlının rəhbərliyi altında gənclərdən ibarət respublika yığma komandası SSRİ komanda birinciliyində fəxri 4-cü yerə layiq görülüb. Uzun illər yeniyetmələr, gənclər və böyüklərin respublika yığma komandalarının baş məşqçisi olmuş təcrübəli müəllimin yetirmələri bir sıra mötəbər yarışlarda uğurla çıxış edərək, Azərbaycan boks məktəbinin gözəl ənənələrini davam etdiriblər. Bu yüksək məşqçilik fəaliyyətinə görə 1965-ci ildə Azərbaycanın Əməkdar məşqçisi adına layiq görülüb.

1980-ci ildə Ümumittifaq dərəcəli hakim adı qazanmış T.Babanlı, müsabiqə yolu ilə Moskva Olimpiya oyunlarının hakimlər korpusuna daxil edilmiş, təşkilat komitəsinin fəxri fərmanı və xatirə medalı ilə təltif olunmuşdu.

1995-ci ildə beynəlxalq dərəcəli hakim (EABA) adına layiq görülmüş, bir sıra mötəbər beynəlxalq yarışların ədalət təmsilçisi olmuş və qərəzsiz hakimliyinə görə müxtəlif mükafatlar almışdı.

İki müxtəlif sahənin mütəxəssisi olan Tofiq müəllim, daha çox idman sahəsində fərqlənsə də, jurnalistika, yaradıcılıq işlərində də az uğurlar qazanmayıb. Onun uzun illər yığma komandalarda apardığı müşahidələrin, pedaqoji nəzarətin və elmi-nəzəri araşdırmaların nəticələri mütəmadi olaraq nəşr edilərək idmançı, məşqçi və mütəxəssislərin ixtiyarına verilib. 30-dan artıq dərslik, metodiki tövsiyələr, dərs vəsaiti, elmi məqalə müəllifi olan Tofiq Babanlıya 1999-cu ildə dosent adı verilib. Əmək və idman veteranı olan Tofiq Babanlı deyir ki, şəxsi mükafatlar kolleksiyasında ən böyük və əziz olanı 2002-ci ildə ulu öndərimiz Heydər Əliyevin imzası ilə layiq görüldüyü “Tərəqqi” medalıdır.

İdmanın çoxşaxəli sahələrinin inkişafındakı əməyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına da layiq görülüb.
75 yaşının 60 ilini idmana, idmanın inkişafına və tərəqqisinə sərf etmiş mütəxəssis bu gün də gənclik həvəsi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində çalışır.

Bütün bilik, bacarıq və təcrübəsini Azərbaycanın dünyada tanınması, çiçəklənməsi və yüksəlişinə sərf edən Tofiq müəllimin 4 oğlu, 6 nəvəsi var.

Tofiq müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və həmişə belə gümrah qalmağı, gənclik enerjisi arzulayırıq.

Qabil MEHDİYEV

Xəbər 3744 dəfə oxundu.