Cəmşid Məhərrəmov: Yeni ilə qələbə ilə başlamaq istəyirik
"Komandada hər şey yaxşıdır. Yeni transferlər də səviyyəli oyunçulardır və hiss olunur ki, yaxşı karyeralara sahibdirlər". İdman.com.az saytının məlumatına görə, bu sözü "Bakı"nın kapitanı Cəmşid Məhərrəmov klubun "fcBTv" televiziyasına müsahibəsində deyib. O, sabah qarşılaşacaqları "Qarabağ"la görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

"İnanıram ki, "altılıq" oyunlarına qədər olan 4 görüşdə də maksimum nəticə əldə edərək ilk "altılıq"dakı yerimizi qoruyacağıq. Sonra "altılıq"da da yaxşı oyun göstərməklə çempion olmağa çalışacağıq. Çünki biz buna borcluyuq. Bizə göstərilən qayğının, yaradılan şəraitin qarşılığını ancaq uğur qazanmaqla qaytara bilərik.

Komandada hazırki ab-hava da yaxşıdır. Uşaqlar da bir-birilərini yaxşı başa düşürlər. "Bakı"da hər kəs bir ailə kimidir. Bütün bunlar "Qarabağ"la oyuna yaxşı hazırlaşmağa imkan verir. Özünüz də bunun şahidi olacaqsız. Yeni ilə qələbə ilə başlamaq istəyirik".

Xəbər 938 dəfə oxundu.