Cüdoçularımız Samsun Qran-prisini iki medalla başa vurublar
Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.

Yarışın son günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə daha bir medalı yazdırıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev finala gedən yolda gürcüstanlı Uşanqi Marqiani, hindistanlı Avtar Sinq və polşalı Patrik Çexomskini məğlub edib. İdmançımız yarımfinalda Braziliya təmsilçisi Tyaqo Kamilo üzərində qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Rusiya cüdoçusu Husen Halmurzayevə uduzan Mehdiyev Qran-prinin gümüş medalını qazanıb.

Digər cüdoçularımız – Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdoçularımız Türkiyə Qran-prisini Məmmədəli Mehdiyev (90 kq, gümüş) və İlqar Müşkiyevin ( 60 kq, bürünc) qazandığı iki medalla başa vurublar.

Xəbər 722 dəfə oxundu.