Cüdoçularımız Samsun Qran-prisinə bürünc medalla start veriblər
Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.

Yarışın birinci günü milli komandamız üçün uğurlu olub. Belə ki, cüdoçularımız aktivinə ilk medalı yazdıra biliblər. Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev dörddəbir finala gedən yolda belçikalı Senne Vins, sonra isə çinli Cianqi Anı məğlub edib. Dörddəbirdə finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn İ.Müşkiyev yarımfinala yüksəlib. Lakin yarımfinalda təmsilçimiz tatami sahibi Bəkir Özlüyə uduzub. Cüdoçumuz üçüncü yer uğrunda döyüşdə bolqarıstanlı Yanislav Qerçev üzərində qələbə qazanaraq millimizin aktivinə ilk medalı yazdırıb.

Bu çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Orxan Səfərov ilk qarşılaşmada yerli idmançı Əhməd Kabaya məğlub olub.

Digər cüdoçularımız – Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, 398 (237 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər turnirdə millimiz 11 cüdoçu ilə mübarizə aparır.

Xəbər 772 dəfə oxundu.