Azad Rəhimov: “Azərbaycan 2026-cı il dünya çempionatına ev sahibliyi etmək barədə düşünmür”
Gənclər və idman naziri Azad Rəhimov FİFA prezidenti Canni İnfantinonun 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına Azərbaycan və Türkiyənin namizədliyini irəli sürmək istəyinə dair açıqlamasına münasibət bildirib.

A.Rəhimov belə bir məsələnin gündəmdə olmadığını deyib. İstənilən halda, nazir müzakirələrin yerli assosiasiyalar tərəfindən aparılması ehtimalını da istisna etməyib: “Biz 2026-cı il dünya çempionatının Türkiyə və Azərbaycanda keçirilməsini təklif etməmişik. Bu məsələnin müzakirəsini Türkiyə ilə də aparmamışıq. Ola bilsin ki, bu, assosiasiyalar səviyyəsində gündəmə gətirilib. Amma hazırda dövlət tərəfindən bununla bağlı heç nə düşünülmür”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Cənubi Amerikaya səfəri çərçivəsində Canni İnfantino “DÇ-2026”ya Azərbaycan və Türkiyənin birgə ev sahibliyi etmək istədiyini dilə gətirib. O, dünya çempionatını keçirmək istəyən ölkələrin siyahısında Kanada, Meksika, Mərakeş, İngiltərə, ABŞ, Kolumbiya, Qazaxıstan və Avstraliya - Yeni Zelandiyanın da olduğunu bildirib.

Xəbər 897 dəfə oxundu.