Bakıya gələcək daha bir milli komandanın adına aydınlıq gəldi
17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Azərbaycanda keçiriləcək AÇ-2016-nın iştirakçılarının siyahısı dəqiqləşmək üzrədir. Artıq Bakıda baş tutacaq qitə birinciliyinin daha bir iştirakçısının adına aydınlıq gəlib.

Belə ki, seçmə mərhələnin elit raundunda 6-cı qrupda keçirdiyi iki oyuna 6 xal toplayan Fransa yığması son turun nəticələrindən asılı olmayaraq, ilk yeri tutub və AÇ-yə vəsiqəni təmin edib.

Qeyd edək ki, daha öncə müvafiq yaş qrupuna aid Azərbaycan yığmasının təşkilatçı ölkənin təmsilçisi qismində çıxış edəcəyi turnirə Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka və Serbiya yığmaları vəsiqə qazanıb. Turnirdə 16 komanda iştirak edəcək.

Xatırladaq ki, Bakıda keçiriləcək qitə birinciliyinə elit mərhələnin 8 qrup qalibi, eləcə də ən yaxşı göstəriciyə malik 7 qrup ikincisi olan komanda vəsiqə qazanacaq. Hazırda qrup ikinciləri arasında ən pis göstərici İspaniyaya məxsusdur.

AÇ-2016 5-21 may aralığında keçiriləcək. Turnirin püşkü aprelin 8-də atılacaq.

Xəbər 773 dəfə oxundu.