Qadın güləşçilərdən 1 qızıl və 2 bürünc medal
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıb. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub.

Çempionatın üçüncü günündə qadın güləşçilərin mübarizəsi başlayıb. Bu gün 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadınlar xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla tamamlayıb.

48 kq-da mübarizə aparan Anna Pavliv ilk görüşdə Norveç təmsilçisi Silje Kippernesə uduzsa da rəqibin finala yüksəlməsi ilə güləşçimiz yarışı davam etdirib. Təsəlliverici görüşdə Gürcüstan təmsilçsi Liana Almeevanı məğlub edən təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Ukraynadan İlona Semkivə uduzan təmsilçimiz çempionatı 5-ci sırada tamamlayıb.

55 kq çəkidə güləşçimiz Almaz İsmayılova ilk görüşündə uduzsa da rəqibin finala yüksəlməsi ilə bürünc medal uğrunda görüşə çıxıb. Estoniyadan Anastassia Krasnova ilə görüşü qələbə ilə tamamlayan güləşçimiz çepionatın bürünc medalına sahib olub.

60 kq çəkidə yarışan təmsilçimiz Tatyana Omelçenko ardıcıl olaraq İsveçdən Lina Persson və Belarusdan Veranika İvanovanı mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimiz Ukraynadan Anhelina Lysakı məğlub edərək çempionatın qızıl medalını qazanıb.

69 kq-da mübarizə aparan Elis Manolova ilk görüşdə Polşa təmsilçisi Natalia Stzalkanı tam üstünlüklə məğlub edib. Yarımfinalda Avstriyadan Martina Kuenzə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Elis Bolqarıstan təmsilçisi Viktoria Bobevanı məğlub edərək çempionatın bürünc medalına yiyələnib.

48 kq
1/4 final - Anna Pavliv - Silje Knutsen Kippernes (NOR) 2:6
Təsəlliverici görüş - Anna Pavliv - Liana Almeeva (GEO) 6:0
Bürünc medal görüşü - Anna Pavliv - İlona Semkiv (UKR) 4:8

55 kq
1/4 final - Olena Kremzer (UKR) - Almaz İsmayılova 10:0
Bürünc medal görüşü - Almaz İsmayılova - Anastassia Krasnova (EST) 10:0

60 kq
1/4 final - Tatyana Omelçenko - Therese Lina Persson (SWE) 6:1
1/2 final - Tatyana Omelçenko - Veranika İvanova (BLR) 7:3
FİNAL - Tatyana Omelçenko - Anhelina Lysak (UKR) 5:1

69 kq
1/4 final - Elis Manolova - Natalia İvona Strzalka (POL) 4:0 (tuşe)
1/2 final - Martina Kuenz (AUT) - Elis Manolova 6:0
Bürünc medal görüşü - Viktoria İvanova Bobeva (BUL) - Elis Manolova 1:4

Xəbər 701 dəfə oxundu.