Topaz Premyer Liqasında 27-ci tur həyacanı
Bu gün Topaz Premyer Liqasında üçüncü dövrəyə yekun vurulacaq. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək 27-ci turun qarşılaşmaları eyni gündə baş tutacaq.

Turun mərkəzi oyununda avrokuboklara vəsiqə uğrunfa mübarizə aparan "Kəpəz"lə "Zirə" üz-üzə gələcək. Bu komandalar arasında baş tutmuş əvvəlki oyunların hər ikisində heç-heçə qeydə alınıb. Komandalardan heç biri bu oyunlarda qapısını toxunulmaz saxlaya bilməyib. Gəncədə 1:1, Zirədə isə 2:2 hesabı qeydə alınıb. Bu dəfə necə olacağı maraqla gözlənilir. "Kəpəz" doğma meydan amilindən yararlanıb, qələbə qazana bilsə, avrokuboklara vəsiqə yolunda önəmli addım atmış olacaq. Amma zirəlilər də Gəncəyə məğlub olmaq üçün getməyiblər və səfərdən ən azı bir xalla qayıtmağa çalışacaqları şübhəsizdir.

Bu oyunla eyni saatda "Qəbələ" səfərdə AZAL-ın qonağı olacaq. Tərəflərin indiyə qədər baş tutmuş 24 oyununda paytaxt təmsilçisinin üstünlüyü var. Bu komanda 9 qələbə qazandığı halda, qəbələlilər cəmi 7 dəfə 3 xala seviniblər. Qalan 8 oyunda isə qalib müəyyənləşməyib. Top fərqi də bakılıların xeyrinədir - 32:25. Amma AZAL son 3 oyunda qələbə qazanmayıb və qol vurmayıb. “Qəbələ” son 5 səfər matçında uduzmayıb. Roman Qriqorçukun komandası iddiasını davam etdirmək üçün, bu dəfə də Bakıdan qələbə ilə qayıtmağa borcludur. Amma "təyyarəçilər" də istənilən oyunda sürpriz etməyə qadirdilər. Necə ki, birinci dövrədə doğma meydanda "Qəbələ"yə 0:2 hesabıyla uduzmasına baxmayaraq, bu komanda səfərdə qolsuz heç-heçəyə nail olmuşdu.

Turnir cədvəlinin alt pillələrində qərarlaşan "Sumqayıt"la "Xəzər Lənkəran" bu turda bir-biri ilə qarşılaşacaq. Bu klublar indiyə qədər 16 dəfə üz-üzə gəliblər. Həmin görüşlərdən 7-də cənublular, 4-də sumqayıtlılar qalib gəliblər. 5 görüşdə qalib müəyyənləşməyib. Top fərqi də "ağ-yaşıllar"ın xeyrinədir - 25:19. Amma “Sumqayıt” son 3 oyunda bu rəqibinə uduzmayıb. “Gənclik şəhəri” təmsilçisi ardıcıl 7 matçda meydanı qolsuz tərk etməyib. Son 5 qarşılaşmada ən azı 2 qol vurulub. Autsayderlərin duelində qeydə alınacaq nəticə komandaların turnir cədvəlindəki mövqeyinə heç bir təsir göstərməyəcək. Bu mövsüm baş tutan oyunların nəticəsinə gəlincə, sumqayıtlılar doğma meydanda yenə bilmədikləri (1:1) "Xəzər Lənkəran"ı səfərdə 2:1 hesabıyla məğlub etmişdi.

Lider “Qarabağ” bu tur çempionatın aşkar autsayderi “Rəvan”ı qəbul edəcək. Paytaxt klubu indiyə qədər Ağdam təmsilçisinə heç vaxt qalib gələ bilməyiib. Əvvəlki 10 oyundan 6-da ağdamlılar qalib gəlibsə, 4 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqi də "Qarabağ"ın xeyrinədir - 17:6. Ağdam klubu son 4 oyunda qələbə qazanıb. Paytaxt təmsilçisi 5 səfər oyununda cəmi 1 qol vurub. Liderin bu dəfə də qalib gələcəyini proqnozlaşdırmaq çətin deyil. Hansı ki, onlar birinci dövrədə səfərdə 2:1, evdə isə 1:0 hesabıyla qalib gəlmişdilər.

Nəhayət, turun qapanış matçında iki paytaxt klubu - "İnter"lə "Neftçi" qarşılaşacaq. Tərəflərin əvvəllər qarşılaşdıqları 45 oyunda "Neftçi"nin üstünlüyü var - 19 qələbə. “İnter” cəmi 12 dəfə 3 xalı bayram edə bilib. 14 qarşılaşmada isə tərəflər heç-heçəyə razı olublar. Top fərqi də "ağ-qaralar"ın xeyrinədir - 62:46. Amma “Neftçi” 9 oyundur paytaxt derbisində qalib gələ bilmir. “İnter” son 5 ev oyununda xal itirməyib. Bu mövsüm "İnter" öz meydanında "Neftçi"yə 1:0 hesabıyla qalib gəlmişdi. Səfər matçında isə 1:1 hesablı heç-heçəyə nail olan "İnter" bu görüşdə də favorit sayıla bilər.

Topaz Premyer Liqası
27-ci tur
30 mart (çərşənbə)

15:00. “Kəpəz” - “Zirə”
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Gəncə şəhər stadionu.

15:00. AZAL - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. "AZAL Arena".

17:00. “Sumqayıt” - “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Vüsal Əliyev.
Sumqayıt. “Kapital Bank Arena”.

17:30. “Qarabağ” - “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Azərsun Arena”.

18:00. “İnter” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “İnter Arena”.

Bombardirlər:
10 - Nelson Bonilya ("Zirə").
8 - Riçard Almeyda ("Qarabağ"), Dani Kintana ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi").

Xəbər 700 dəfə oxundu.