“Azərbaycanın idman infrastrukturu” kitabı çapdan çıxıb
Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycanın idman infrastrukturu” kitabı çapdan çıxıb.

Nəfis tərtibatda, rəngli formatda çapdan çıxan kitabda Azərbaycanda 2001-ci ildən başlanaraq inşa edilmiş Olimpiya idman kompleksləri, müxtəlif təyinatlı idman qurğuları, son 15 ildə müasir tələblərə uyğun yenidən qurulmuş idman mərkəzləri haqqında geniş məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilib.

Nəşrdə Azərbaycanın idman infrastrukturunu təşkil edən, beynəlxalq standartlara cavab verən bütün idman qurğularının fotoşəkilləri, istifadəyə verilmə tarixləri, ölçüləri və digər texniki göstəriciləri də yer alıb. Müasir idman qurğuları haqqında da ətraflı məlumatın verildiyi kitabda qeyd olunub ki, Azərbaycanda dünya standartlarına cavab verən, 41-i Olimpiya idman kompleksi olmaqla, 50-dən çox müasir idman mərkəzi tikilib. Bunların arasında Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Bakı Avropa Oyunları Parkı, “Kür” Olimpiya Təlim İdman Mərkəzi, Velopark və digər xüsusi təyinatlı idman qurğuları, eləcə də stadionlar var.

Kitabın müəllifi “İdman” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyevdir.

Xəbər 1619 dəfə oxundu.