Azərbaycan karateçiləri İstanbulda keçirilən beynəlxalq turnirdə 12 medal qazanıblar
Azərbaycan karateçiləri İstanbulda keçirilən “Boğaziçi açıq” beynəlxalq turnirindən 12 medalla Vətənə qayıdırlar. Mükafatların ikisi qızıl, üçü gümüş, yeddisi isə bürünc medaldır.

fərdi yarışlarda Tural Ağalarzadə (67 kq) və Samir Məmmədov (75 kq) mötəbər turnirin qalibi olublar. Niyazi Əliyev (67 kq), Ayxan Mamayev (84 kq) və Neda Rezai (kata) gümüş medal qazanıblar. Bürünc mükafatlara isə Müseyib Məmmədov (yeniyetmələr, 52 kq), Asiman Qurbanlı və Əli Cəfərov (84 kiloqramdan yuxarı), həmçinin Nuranə Əliyeva (50 kq) və Fəridə Əliyeva (68 kiloqramdan yuxarı) sahib olublar.

Komanda yarışlarına da qatılan idmançılarımızdan Nuranə Əliyeva, Fəridə Abiyeva və Fəridə Əliyevadan ibarət heyət, eləcə də Pənah Abdullayev, Rafiz Həsənov, Şahin Atamov, Əli Cəfərov, Asiman Qurbanlı və Tural Ələkbərlidən ibarət komanda üçüncü yeri tutub.

İstanbulda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər arasında keçirilən və ümumi mükafat fondu 82 min ABŞ dolları olan nüfuzlu yarışda 28 ölkədən 780 idmançı iştirak edib.

Mayın əvvəlində Fransada təşkil olunacaq Avropa çempionatına hazırlaşan böyüklərdən ibarət milli komandamızın üzvləri aprelin əvvəlində Dubayda daha nüfuzlu turnirə qatılacaqlar.

Xəbər 692 dəfə oxundu.