Sabah Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulacaq
Martın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulacaq.

XXVII turun bütün qarşılaşmaları eyni gündə oynanılacaq. Milli komandaların yoldaşlıq oyunları ilə əlaqədar yaranan fasilədən sonraya təsadüf edən tur mükafatlar uğrunda mübarizə aparan klubların iştirakı ilə başlayacaq. Günün mərkəzi qarşılaşması Gəncədə keçiriləcək. Son turlarda qələbələri sıralayan “Kəpəz” ilə “Zirə” arasındakı görüş hər iki tərəf üçün vacib əhəmiyyət kəsb edir. Turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmlədən paytaxt klubu lider “Qarabağ”la xal fərqini azaltmaq üçün qalib gəlməlidir. Gəncə təmsilçisi isə üç xalla üçüncü pilləyədək irəliləmək imkanından yararlanmalıdır.

Digər matçda üçüncü pilləyə digər iddiaçı “Qəbələ” komandası AZAL-ın qonağı olacaq. Son iki matçda məğlubiyyət ilə üzləşən “Qəbələ” mükafat arzusunu çətinə salmamaq üçün mütləq qələbə qazanmalıdır. Əvəzində son iki görüşdə qələbə qazana bilməyən AZAL üçün də xal itirmək limiti artıq tükənib.

Turnir cədvəlinin aşağı pillələrində yer alan “Sumqayıt” və “Xəzər-Lənkəran” üz-üzə gələcək. Lənkəran təmsilçisi on beş turluq qol və qələbə həsrətinə səfərdə son qoymaqla rəqibinə bir az da yaxınlaşa bilər. Sumqayıtlıların isə xal fərqini artırmaq üçün üç xala ehtiyacı var.

Turnir cədvəlinin lideri “Qarabağ” klubu çempionatın autsayderi “Rəvan”la üz-üzə gələcək. Ardıcıl üçüncü çempionluğuna doğru irəliləyən Ağdam təmsilçisinin “Rəvan” qarşısında xal itirməsi inandırıcı görünmür.

Paytaxt derbisində “İnter” klubu “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Qələbə seriyasını dördə çatdırmaq arzusunda olan “İnter” üçüncü pilləni qoruyub, “Zirə”yə yaxınlaşmağı hədəfləyib. “Neftçı” isə beş turluq qələbə həsrətinə son qoyub, altıncı pilləyə irəliləmək üçün mübarizə aparacaq.

Xəbər 729 dəfə oxundu.