Sablyaçılarımız lisenziya xallarını artırıblar
Fevralın 10-dan 12-nə qədər Fransanın Orlean şəhərində qılıncoynatmanın sablya növü üzrə lisenziya xarakterli dünya kubokunun mərhələ yarışları başa çatıb. Yarışlarda ölkəmizi Səbinə Mikina, Sevil və Sevinc Bunyatova bacıları, Aida Ələsgərova təmsil ediblər. Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədovun idman.com.az saytına verdiyi məlumata görə, mililmizin aparıcı üzvləri Səbinə Mikina və Aida Ələsgərova uğurla çıxış edərək, hərəyə 3 lisenziya xalı qazanıblar.

Qeyd edək ki, yarış ərəfəsində Yaşar müəllim «İdman» qəzetinə bildirmişdi ki, London olimpiadasına lisenziya qazanmağa ən çox şansı olan Səbinədir. O, idmançının indiyə qədər 65 lisenziya xalı əldə etdiyini və bu nəticə ilə 365 qılıncoynadan arasında 24-cü yerdə olduğunu bildirmişdi. Budəfəki yarışda Aida Ələsgərovanın çıxışı da qənaətbəxş olub. Sablyaçımız ilk dəfədir ki, ilk 64-lükdə yer alır.

Qılıncoynadanlarımız Orleanda daha bir yarışda - komandalararası Avropa kubokunda bacarıqlarını nümayiş etdiriblər. Qitə kubokunda ölkəmizi «Neftçi» İSM-in sablyaçılarından ibarət komanda təmsil edib. Sevindirici haldır ki, komandamız Avropa kubokunun gümüş medalını əldə edib. Yaşar Məmmədov komandalararası Avropa kubokunda idmançılarımızın çıxışı barədə bunları deyib:

«Komandamız əzmlə mübarizə apardı. Amma istərdim ki, çempion olaq».
Şpaqaçımız Yuliya Nelyubova isə Qətərdə keçirilmiş Dünya kubokunda iştirak edib. Şpaqaçımız ilkin mərhələdə məğlub olaraq, iştirakını dayandırıb.


Xəbər 2007 dəfə oxundu.