Novruz bayramı münasibətilə Bakının mərkəzində “Formula-1” əyləncə zonası təşkil ediləcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula-1” Avropa Qran-prisinin başlanmasına üç ayın qalmasını martın 19-da dənizkənarı bulvarda təntənəli surətdə qeyd edəcək. Mərasim Novruz bayramı münasibətilə təşkil ediləcək ümumxalq şənliyi ilə eyni günə təsadüf edir. Əməliyyat şirkəti keçirəcəyi silsilə tədbirlərlə ölkə ictimaiyyəti arasında Avropa Qran-prisinə marağı və yarış haqqında məlumatlılığı artırmağa çalışır.

Bu məqsədlə bulvarın Muzey Mərkəzi ilə üzbəüz hissəsində əyləncə zonası qurulacaq. Əyləncə zonasının açılışı martın 19-da olacaq. Martın 20-dən etibarən idmansevərlərin üzünə açıq olacaq bu zonada simulyasiya oyunları və azyaşlı uşaqlar üçün əyləncə məkanı, həmçinin könüllülər və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələr olacaq. Əyləncə zonası Avropa Qran-prisinə qədər hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

Bununla yanaşı, bayram günlərində keçiriləcək konsert proqramları üçün əyləncə zonasının yaxınlığında səhnə qurulacaq. Burada martın 20-23-də hər gün saat 16:00-dan 22:00-dək tanınmış yerli müğənnilərin iştirakı ilə konsertlər veriləcək. Eyni zamanda, martın 21-də saat 20:00-dan 22:30-dək Muzey Mərkəzinin binasının divarları üzərində lazer şüaları vasitəsilə “Formula-1” haqqında animasiya şousu təşkil olunacaq.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bayramla əlaqədar yüksək səviyyədə hazırlıqların görüldüyünü bildirərək idmansevərləri bulvarda təşkil olunacaq tədbirlərdə fəal iştirak etməyə çağırib.

Xəbər 732 dəfə oxundu.