Azərbaycanla matça yeni futbolçu çağırdılar
BATE klubunun futbolçusu Renan Bressan ilk dəfə Belarus milli komandasına çağırılıb. İdman.com.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi fevralın 29-da Moldova ilə Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq görüşünə dəvət alıb.
İlk sınağından uğurla keçəcəyi halda, Bressanın iyunun 5-də Azərbaycan yığması ilə yoldaşlıq görüşündə də iştirak edəcəyi istisna deyil.

Bundan başqa millimizlə oyun Rusiya “Krasnodar”ında çıxış edən belaruslu yarımmüdafiəçi Aleksandr Kulçiy üçün yığmada 100-cü və sonuncu qarşılaşma ola bilər. Kulçiy bir müddət öncə açıqlamasında Azərbaycanla oyundan sonra yığma karyerasını başa vuracağını söyləyib. 38 yaşlı yarımmüdafiəçi də Moldova ilə matça çağırılanlar siyahısındadır.

Qeyd edək ki, Renan Bressan futbolçu karyerasına Braziliyada başlayıb. O, 2007-ci ildə Belarus “Qomel”inə, 2010-cu ildə isə BATE-yə keçib. Bressan BATE-nin heyətində 2 dəfə ölkə çempionu və ən yaxşı bombardir olub. “Sambaçı” Belarus vətəndaşlığını qəbul edib.

Xəbər 1077 dəfə oxundu.