Flavinyu: Hədəf yenə çempionluqdur
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyu məqsədlərinin növbəti dəfə Azərbaycan çempionu adını qazanmaq olduğunu deyib. İdman.com.az saytının məlumatına görə, qol.az-ın müxbiri ilə söhbətində braziliyalı futbolçu bildirib ki, bu mövsüm çempion adı uğrunda mübarizə daha gərgin keçir:

“Rəqiblər indi daha da güclənib. Öz oyunuma gəldikdə, çalışacağam ki, bundan da yaxşı oynayıb komandama daha çox xeyir verim. “Neftçi”dəki uğurları indiyə kimi heç bir komandada qazanmamışam”. O, “ağ-qaralar”la 3 illik müqaviləsi olduğunu və hazırkı klubunu tərk etmək istəmədiyini bildirib: “Burada daha çox titullar qazanmaq arzusundayam”.

Flavinyu fevralın 15-də Unibank Premyer Liqasının 20-ci turunda “Sumqayıt”a qarşı onları çətin oyun gözlədiyini vurğulayıb: “Matçın “Şəfa” stadionunda, süni meydançada keçirilməsi işimizi daha da çətinləşdirəcək”. Braziliyalı futbolçu Türkiyədə təlim-məşq toplanışında olduqları vaxt həyat yoldaşının səhhətində yaranan problemlər və bu səbəbdən komandanın düşərgəsini tərk etməsi barədə də danışıb:

“Antalyadakı hazırlıq prosesi zamanı qəfildən evdən zəng gəldi. Mənə həyat yoldaşımın səhhətinin pisləşdiyini bildirdilər. Həmin vaxt özümü çox pis hiss edirdim. Mən Braziliyaya qayıdan vaxt o artıq xəstəxanada idi. Müayinə zamanı problemi çıxmışdı. Artıq özünü yaxşı hiss edir və evə buraxılıb”.

Xəbər 884 dəfə oxundu.