UEFA Çempionlar Liqası: “Bavariya” və “Barselona” dörddəbir finalda
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin sonuncu iki iştirakçısı martın 16-da müəyyənləşib.

Paralel oynanılan görüşlərdən biri İspaniyada, digəri isə Almaniyada baş tutub. “Nou Kamp”da “Arsenal”ı qəbul edən “Barselona” komandası, mərhələnin ilk matçında olduğu kimi cavab oyununda da qalıb gəlib. Katalon təmsilçisi 18-ci dəqiqədə Neymarın qolu ilə hesabı açıb. 51-ci dəqiqədə “Arsenal” Elneninin qolu ilə oyuna tarazlıq gətirib. 14 dəqiqə sonra Suares meydan sahibini yenidən hesabda irəli çıxarıb. Görüşdə 88-ci dəqiqədə son nöqtəni isə Messi qoyub -3:1.

Günün ən maraqlı matçı Münxendə, “Alyans Arena” stadionunda keçirilib. İlk oyunda Turində “Yuventus” ilə qarşılaşmadan sülhlə ayrılan (2:2) “Bavariya” görüşün əsas vaxtında eyni tale ilə üzləşib və sonda əzmkarlıq sayəsində matçı uzanma dəqiqələrinə daşıyıb. Münxenlilər altıncı dəqiqədə Noyerin səhvindən qapısında qol görüb. Pol Poqba “Yuventus”u 0:1 hesabda irəli çıxarıb. Qoldan sonra özünü cəmləyə bilməyən Qvardiolanın yetirmələri 28-ci dəqiqədə ikinci qola məyus olub. Turin təmsilçisinin heyətində Quadrado fərqlənib.

Alman maşını 70-ci dəqiqədən sonra işə düşüb. Rəqib qapısında hücumlarını artıran “Bavariya” 73-cü dəqiqədə Levandovskinin baş zərbəsi ilə hesabda fərqi azaldıb. Final fitinə az qalmış Müller komandasını məğlubiyyətdən xilas edib - 2:2. Əlavə olunmuş 30 dəqiqə ərzində münxenlilər əzmkar oyunla daha iki dəfə Buffonun qapısına yol tapıb. “Bavariya” Tyaqo və Komanın (108), (110) vurduqları qolla adını dörddəbirə yazdırıb.

Xəbər 619 dəfə oxundu.